Forum Stats Test Link Test Link Test Link Test Link
Forumlar » Genel » Türk Dünyası Edebiyatı » Bədii ədəbiyyatda Azərbaycanın birliyi və Güney Azərbaycanın ist

Yazar Mesaj   #483  2015-10-10 01:19 GMT  

Online status Mustafa Ceylan



Administrators



Mesaj: 417
Şehir:
Ülke:
Meslek: Mühendis
Yaş:

Bədii ədəbiyyatda Azərbaycanın birliyi və Güney Azərbaycanın istiqlalı məsələsi (M.Şəhriyar və B.Vahabzadənin yaradıcılığı əsasında)

 

Mehman Həsən
BDU-nun magistrı, Yeni Nəfəs Gənclər Təşkilatının sədri

********************************************


Salaq yadımıza bu gün cahanın
Rəngləri dəyişən beş qitəsini
Biz də görəcəyik Azərbaycanın
Güneyli, Qüzeyli xəritəsini

Son 200 ildə bağlanan iki bədnam müqavilə (Gülüstan 1913-cü il, Türkmənçay 1928-ci il) ilə parçalanan məmləkətimizin başına olmayan bəlalar gətirildi. Tarixən strateji əhəmiyyətli yolları özündə birləşdirən Azərbaycan imperiya maraqlarında parçalandı. Qüzeyimiz rus işğalında, güneyimiz (1925-ci ildən sonra) fars rejiminin assimiliyasiya və məhvetmə siyasəti ilə üz-üzə qalmaq məcburiyyətində qaldı. Ərazi işğalı ilə yetinməyən imperiyalistlər milllətin dilinə, mədəniyyətinə, namusuna əl atdılar. Hər addımında onu parçalayaraq yer üzündən silməyə çalışdılar. Lakin ən ağır şərtlər altında millət öz varlığı və bütövlüyü uğrunda mücadilədən vaz keçmədi. Ərazi cəhətdən parçalansa da ruh cəhətdən bütöv qaldı. Çünki ruh bölünməzdir, zoru, məcburiyytə qəbuletməzdir. Min yerdən yara alan lakin dişimizi dişimzə sıxaraq ayaqda qalmağı, mübarizə aparmağı bacaran millətin övladlarıyıq biz….

Bu mübarizənin önündə hər zaman bədii ədəbiyyat və bu ədəbiyyatı yaradan qüdrətli söz sənətkarları durmuşlar. Amansız repressiyalar, basqılar millətin şairlərini susdura bilməmiş, milli idealları bağırmaqdan çəkindirə bilməmişdir. Bədi ədəbiyyatda Bütöv Azərbaycan harmoniyası tarixin ən ağır sınaqlarından çıxaraq yaşamışdır. Sərhədlərlə parçalanan iki Azərbaycanı sənətkarların bir-birinə uzatdıqları əlləri ilə sıx birləşmiş, ruhun vahidliyini, bölünməzliyini isbat etmişlər.

XX əsr güneylə qüzeyin vəhdətini və bütövlüyümüzü yaradıcılıqlarında əks etdirən qüdrətli sənətkarlar içərisində Məhəmmədhüseyn Şəhriyar və Bəxtiyar Vahabzadə mühüm rol oynayır.

Bəxtiyar Vahabzadə güneyli, qüzeyli Bütöv Azərbaycanın istiqlal şairidir. O, öz şəxsiyyəti və yaradıcılığı ilə Güney Azərbaycan milli hərəkatının ilhamvericisi, dəstəkçisi, Qüzey Azərbaycan milli hərəkatının fəal iştirakçılarından olmuşdur. Bəxtiyar Vahabzadə ən çətin tarixi şəraitlərdə belə millətinin azadlığı, vətəninin bütövlüyü fikrini müdafiə etmişdir. Təsadüfi deyil ki, Şairin 1959-cu ildə qələmə aldığı “Gülüstan” poeması bütün SSRİ məkanında ideoloji stereotipləri sındıran, milli ideyanın əksi baxımından ən mükəmməl bədii nümunə hesab oluna bilər.

Bu dövrlərdə Orta Asiyada Çingiz Aytmatovun nəsrində, Oljas Süleymenovun yaradıcılığında milli düşüncənin ədəbiyyata gətirilməsi, vahid sovet ideoloji xəttinin qırılması və ədəbiyyatın buxovdan qurtulmasına rəvac vermişdi. Bəxtiyar Vahabzadə ilə bu mərhələ zirvə nöqtəsinə məhz Azərbaycanda çatdı. Bəxtiyar Vahabzadə “Gülüstan”la Azərbaycanın parçalanmasını, onun güneyinin farslar, qüzeynin ruslar tərəfindən işğal olunduğunu aşkar söyləmiş, və bu əsər Qüzey Azərbaycanın gələcək müstəqilliyi üçün ümid qığılcımı rolunu oynamışdır. O, bu əsəri ilə cızılmış vahid imperiya sərhədlərini aşır. Bəxtiyar Vahabzadəyə görə vahid Azərbaycan var. O Azərbaycan ki, düşmənləri tərəfindən işğal olunub və bədnam bir müqavilə ilə ikiyə parçalanıb.

 

Vətən quşa bənzər qanadlarının
Biri bu taydırsa, biri o taydır.
Quş iki qanadla uçar, yüksələr,
Mən necə yüksəlim tək qanadımla?

M.Şəhriyar yaradıcılığında yurd sevgisi, bütövlük həsrəti vardır. Şair şeirlərində yurdunun zindan həyatını təsvir edir. Bəzən parçalanmış yarısına (Qüzeyə) şikayət edir, “yarı”sından kömək diləyir.

 

Göz yaşımsan ay Araz, qoyma gözüm baxsa da görsün,
Nə yaman pərdə çəkibsən ki qardaş arasında.

Demə dağ-daşdı, Süleyman, səni məndən ayıran şey,
Bir çibandır ki, çıxıbdır gözilən qaş arasında.

 

Hər iki Şair üçün vətən birdir. İmperiya maraqlarının dəmir məftillərlə Araz üzərindən böldüyü vətən M.Şəhriyar və B. Vahabzadə düşüncəsində bütövdür, tamdır. Süni sərhədlər vətənin birliyini poza bilməz. Qanı, dili, mədəniyyəti, tarixi bir olan məmləkətin mənəvi bağları heç bir zaman qırılmayıb. Ədəbiyyatın vahidliyi Azərbaycanın bütövlüyünün qorunmasında ən mühüm qarant olub.

Milli poeziyada Araz çayı ayrılıq çayı kimi rəmzləşdirilir. Çünki Araz çayı ilə Azərbaycan ikiyə parçalanıb. Altı bir olan torpağın üzərindən axan su qardaşı qardaşdan ayrı salıb. Güneydən qüzeyə hava keçər, toz keçər bir-birinə qovuşarlar. Lakin iki qardaş bir-birinə qovuşa bilmir. M.Şəhriyar “S.Rüstəmə cavab” şeirində güneydə baş verənlərə toxunaraq yazır:

 

Qırx ildi ki, dustağam mən,
Qərələr içrə ağam mən,
Deyirsən ki, bəs sağam mən?
Bağırmadan iş qurtulub,
Boğaz-bağırsaq yırtılıb.

Şeirdən görünür şair sanki qardaşına şikayət edir. Gününün heç də yaxşı keçmədiyini, ayrılıq həsrətini bildirir. Əslində şair yurdunu parçalayanlara üsyan edir. Millətini ayıq olmağa səsləyir. Şeirin sonunda da şair qüzeyli şair dostlarına salamlarını göndərir:

Qardaşların gözündən öp,
Bəxtiyarın üzündən öp,
Səmədin də sözündən öp.
Mən də təkəm sizə qurban,
Tək canım hammuza qurban!

Şairin şirin dilində ifadə olunan qardaş sevgisi, bədii sənətkarların dilində şerində mövcud olan qarşılıqlı vəhdət, birliyin mövcudluğu ərazi ilə parçalanan bir məmləkətin ruhən hər zaman bütöv qalacağına işarədir. B.Vahabzadə bu məsələyə toxunaraq yazır:

 

Ağalar bilmədi birdir bu torpaq
Təbriz də, Bakı da-Azərbaycandır,
Bir elin ruhunu, dilini ancaq
Kağızlar üstündə bölmək asandır.

“Gülüstan” poemasını məhz Şəhriyarın “Heydərbabaya salam” əsərindən hissə ilə bitirməsi də təsadüfi deyil. Bəxtiyar Vahabzadə bir daha bədii düşüncədə Azərbaycanın vahidliyinə ifadə edir.

 

Ayırmaq kimsəyə gəlməsin asan,
Bir xalqın bir olan dərdi-sərini
O taydan bu taya Mustafa Payan
Oxuyur Vahidin qəzəllərini.

 

Bəxtiyar Vahabzadə özünün “Şəhidlər” poemasında rus ordusunun Bakıda dinc əhaliyə qarşı törətdiyi amansız faciəni qələmə almışdır. Bakının qan içində boğulmasını şair öz qələmi ilə əks etdirmişdir. Buna baxmayaraq mübarizənin sonunda Azərbaycanın istiqlal qazanması şairi daha ümidləndirmişdir. Qüzeydə müstəqilliyin qazanmasına baxmayaraq Güneyin bataqlıqda çarpışması şair qəlbini göynədir. Rejimlər dəyişsə də insanların verilməli olan haqları verilmir, onların istəkləri nəzərə alınmır və istəklərini əldə etməyə cəhd edənlər amansızcasına cəzalandırılır. Əvəzində milli düşüncəyə qarşı repressiya daha da dərinləşir.

Bütöv Azərbaycan poeziyasında Güney Azərbaycan insanın dil problemi əsas yer tutur. XX əsrin ortalarında dil məsələsi şairlərin öz dilinin qüdrətini ifadə etməsi idisə əsrin sonlarında hakimiyyətə keçən molla rejimi türk dilinə qarşı amansız basqıya başladı. Nəticədə milli mücadilədə türk insanının dil uğrunda mübarizəsi yeni çalar qazandı. Artıq dil yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qaldı. M.Şəhriyarın “Türkün dili” şeiri türk dilinin qüdrətini, türk millətinin özü kimi dilinin də zənginliyini ifadə edir.

 

Türkün dili tək sevgili istəkli dil olmaz,
Özgə dilə qatsan bu əsil dil, əsil olmaz.
Türkün məsəli, folkloru dünyada təkdir,
Xan yorğanı,- kənd içrə məsəldir,- mitil olmaz.

 

XX əsrin sonlarında türk dilinə qarşı qadağalar artmağa başladı. Bu gün cəmi yüz min sayı olan erməninin öz dilində məktəbi varkən, sayı otuz milyondan artıq olan Azərbaycan türkünün bir məktəbi belə yoxdur. Özünü İslam ölkəsi adlandıran ölkə əslində müsəlmanların kütləvi qırğınını törətmiş, müsəlman ölkəsinin torpağını işğal edərək məscidləri tövləyə çevirən erməni rejiminə hər cür dəstək verir. B.Vahabzadə bu məsələyə toxunaraq yazır:

 

Yüz min erməninin məktəbi varkən
Yirmi milyon türkə onu qıymadın
Dinində, törəndə bizimlə birkən
Yasanda sən mənim haqqımı sildin
Dininə düşməni əzizləyirkən,
Sən öz dindaşına düşmən kəsildin.

 

Lakin hər iki şair nikbindir. Nikbinlik hər iki şairin mübarizə əzmindən doğur. Onlar ən çətin anlarda belə millətinin haqq səsini deməkdən çəkinməmişlər. Dahi insanlar millətinin doğru hədəflərini söylər və bu yolda mübarizə aparar. Torpağın altında bir olan, tarixi, mədəniyyəti, dili eyni olan bir ruhun parçalanması qeyri mümkündür.

 

Bu gün qismətimiz qəm-kədərdisə,
Dünənki birliyimiz heç unudulmaz.
Çayın altındakı torpaq birdirsə
O tayı bu taydan ayırmaq olmaz.

M.Şəhriyar Güneyin edilən basqılara rəğmən istiqlal uğrunda, qüzeyli qardaşına qovuşmaq yolunda çapaladığını ifadə edir. Bu cəhdlərin yalnız bir sonucu vardır- Bütövlük. Gec və ya tez sınırlarla ayrılmış bu bütün məmləkət birləşəcək, qardaşın qardaş həsrəti sona çatacaqdır. Edilən assimiliyasiya, xalqın dilinin, mədəniyyətinin məhvetmə siyasətinə qarşı duran güneyli qardaşlarımız mütləq sonucda öz hüquqlarını alacaqlar.

Amma bizim mücahidlər
Hər biri min cana dəyər
Topa, tanka baxar məgər?
Qan-qan deyir hayxırması,
Acıqlı bir şir balası..

 

Yazı :
Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin elan etdiyi müsabiqəyə təqdim etmək üçün çap olunub.


__________________